Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

İmişli rayonu üzrə hazırda 57 tam orta ümumtəhsil məktəbi, 3 ümumi orta ümumtəhsil məktəbi, 2 məktəbdənkənar təhsil müəssisəsi və 15 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

    2024–2025-ci tədris ilində rayon üzrə 1 245 nəfər şagird XI sinfi bitirmişdir. Onlardan 1 189 nəfərə tam orta təhsil haqqında attestat verilmiş, 31 nəfər isə fərqlənmə attestatı ilə təltif olunmuşdur. Ötən tədris ilində 427 nəfər ( 35.91 %)  məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul nəticələrinə görə 14 nəfər 600-dən yuxarı, 56 nəfər 500–600, 95 nəfər 400–500 bal toplamış, digər qəbul olunan abituriyentlərin nəticələri isə 400 baldan aşağı olmuşdur. Eyni zamanda 2 nəfər məzun Respublika Fənn Olimpiadalarının yekun nəticələrinə əsasən ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilmişdir.2025–2026-cı tədris ilində rayon üzrə I sinfə 1 449 nəfər, məktəbəhazırlıq qruplarına isə 1 076 nəfər şagirdin qəbulu həyata keçirilmişdir.
    Bununla yanaşı son beş ilin statistik göstəricilərini nəzərə alaraq bildiririk ki, 2021-ci tədris ilində 919 məzundan 333 nəfər (36,2 %) ali təhsil müəssisələrinə qəbul olunmuş, onlardan 10 nəfər 600-dən yuxarı bal toplamışdır. 2022-ci ildə 1029 məzundan 335 nəfər (32,5 %) ali təhsil müəssisələrinə qəbul edilmiş və yenə 10 nəfər 600-dən yuxarı nəticə göstərmişdir. 2023-cü ildə isə 1118 məzundan 339 nəfər (30,3 %) ali təhsil müəssisələrinə qəbul olunmuş, 600-dən yuxarı bal toplayanların sayı 12 nəfər təşkil etmişdir. Xüsusilə 2024-cü ildə bu göstəricilərdə əhəmiyyətli artım qeydə alınmışdır: 1179 məzundan 563 nəfər (47,7 %) ali təhsil müəssisələrinə qəbul olunmuş, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı isə 20 nəfərə çatmışdır. Lakin, 2025-ci ildə bu dinamika yenə aşağı düşmüş və 1189 nəfərdən 427 nəfər ( 35.91 %)  olmuşdur. 
     Eyni zamanda, 2020-2025-ci illər ərzində rayonda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Hesabat dövründə İmişli şəhər 2 saylı uşaq bağçasında, Sarıxanlı kənd uşaq bağçasında, Qaradonlu kənd uşaq bağçasında və Qızılkənd kənd uşaq bağçasında cari təmir işləri aparılmışdır. Bununla yanaşı, rayonda yerləşən 7 ümumtəhsil müəssisəsində - İmişli şəhər 3 və 4 saylı tam orta məktəblərində, Muradalılı, Otuziki, Xoşçobanlı və Çahar kənd tam orta məktəblərində cari təmir işləri icra edilmişdir.
    Ümumilikdə son beş ilin (2020–2025-ci illər) göstəricilərinə nəzər saldıqda təhsil infrastrukturunun inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyi müşahidə olunur. Bu dövrdə müasir tələblərə cavab verən, zəruri avadanlıqlarla təchiz olunmuş 1 uşaq bağçası və 7 ümumtəhsil məktəbi tikilərək istifadəyə verilmiş, eyni zamanda 1 məktəbdə əsaslı təmir aparılaraq dam örtüyü yenilənmişdir. Belə ki, 2020-ci ildə Muradxanlı kənd tam orta məktəbi və Oruclu kənd ibtidai məktəbi yenidən inşa edilmişdir. 2021-ci ildə Məmmədli kənd tam orta məktəbi və Axıcanlı kənd tam orta məktəbi üçün yeni modul tipli bina tikilərək istifadəyə verilmişdir. 2022-ci ildə İmişli şəhər 7 saylı tam orta məktəbi və İmişli şəhər 3 saylı uşaq bağçası yenidən tikilmişdir. 2024-cü ildə isə Yalavac kənd tam orta məktəbi və Aranlı kənd 1 saylı tam orta məktəbi yenidən inşa edilərək istifadəyə verilmiş, Qaralar kənd tam orta məktəbi əsaslı təmir olunmuş və dam örtüyü dəyişdirilmişdir. Qeyd etmək lazımdır ki, rayonda həyata keçirilən bu layihələrdə Heydər Əliyev Fondunun dəstəyi böyük əhəmiyyət kəsb etmişdir. Fondun təşəbbüsü və maliyyə yardımı sayəsində çoxsaylı təhsil müəssisələrinin tikinti və əsaslı təmir işləri yüksək səviyyədə, müasir standartlara uyğun olaraq həyata keçirilmiş, tədris və uşaq mühitinin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılmışdır. Həyata keçirilən bu layihələr regionda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, tədris mühitinin yaxşılaşdırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə vermişdir.

 

Keçidlər