Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

 

E.A.Rzayevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21 may 2020, 13:01
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 may 2020-ci il.


 Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli

821 saylı Sərəncamına uyğun olaraq Rayon Mərkəzi xəstəxanasında əsaslı təmir işləri davam etdirilir. İmişli Şəkər zаvоdunun vəsаiti hеsаbınа Səhiyyə Nаzirliyinin Təcili və Təxirəsаlınmаz Tibbi yаrdım stаnsiyаsının İmişli rеgiоnаl məntəqəsi tikilib istifаdəyə vеrilmişdir.

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

"Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq edilməsi haqqında


Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi ilə qərara alıram:

1. "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat" təsdiq edilsin (əlavə olunur).

2. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üzrə kargüzarlığın aparılması və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanlarında sənədlərlə iş qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

3. Müəyyən edilsin ki, "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsi həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezident

Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 935

Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 iyul 2021-i il

https://president.az/az/articles/view/52389

Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilsin:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

2.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədləri üçün həmin Dövlət Proqramında göstərilmiş iqtisadi rayonların bölgüsü tətbiq edilir.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2021-ci il 

 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 dekabr 2021-ci il

https://president.az/az/articles/view/54687

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1090) 1-ci hissəsi ləğv edilsin.
  2. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 664 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 891) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:

1.1. Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;

1.2. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;

1.3. Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;

1.4. Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;

1.5. Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;

1.6. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;

1.7. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;

1.8. Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;

1.9. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;

1.10. Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;

1.11. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;

1.12. Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.”;

2.2. 6-cı hissə ləğv edilsin;

2.3. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu”nun 2.1-ci və 2.2-ci bəndləri müvafiq olaraq 2.2-ci və 2.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi;”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;

3.2. Nazirliyin müvafiq təhsil şöbələrinin balansındakı və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə (uşaq evləri istisna olmaqla) aid dövlət əmlakının Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq regional təhsil idarələrinin balansına verilməsini bir ay müddətində təmin etsin;

3.3. Nazirliyin regional təhsil idarələrinin yaradılması ilə əlaqədar onların maddi-texniki təminatı məsələlərinin həlli üçün iki ay müddətində tədbirlər görsün;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2021-ci il 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10 dekabr 2022-ci il

https://president.az/az/articles/view/58168

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılsın.
  2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın:

2.1. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi;

2.2. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi;

2.3. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy və Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi;

2.4. Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ Regional Gənclər və İdman İdarəsi;

2.5. Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayon gənclər və idman idarələrinin əsasında Qazax−Tovuz Regional Gənclər və İdman İdarəsi;

2.6. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsi;

2.7. Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara Regional Gənclər və İdman İdarəsi;

2.8. Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi;

2.9. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan Regional Gənclər və İdman İdarəsi;

2.10. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon gənclər və idman idarələrinin əsasında Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsi;

2.11. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi;

2.12. Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi gənclər və idman sahəsinin 2023-cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 dekabr 2022-ci il 

İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03 oktyabr 2023-cü il

https://president.az/az/articles/view/61449

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon (on beş milyon səkkiz yüz min) manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 oktyabr 2023-cü il

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 aprel 2024-cü il

https://president.az/az/articles/view/65502

Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.

Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə qərara alıram:

  1. Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulsun və Qarabağ suvarma kanalı adlandırılsın.
  2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.
  4. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.
  5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinin cari və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər.
  6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2024-cü il 

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

25 noyabr 2024-cü il

https://president.az/az/articles/view/67393

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın:

 İmişli rayonu üzrə:

 Ağamalılar, Ağaməmmədli, Məmmədli, Oruclu və Telişli bələdiyyələrinin əhatə etdiyi Ağamalılar, Ağaməmmədli, Allahmədətli, Əlyetməzli, Məmmədli, Oruclu və Telişli kəndlərində Məmmədli bələdiyyəsi;

Aranlı, Hacırüstəmli və Qızılkənd bələdiyyələrinin əhatə etdiyi Aranlı, Hacırüstəmli və Qızılkənd kəndlərində Aranlı bələdiyyəsi;

Bəcirəvan və Qaravəlili bələdiyyələrinin əhatə etdiyi Ağcüyür, Bəcirəvan, Qaravəlili və Mirili kəndlərində Bəcirəvan bələdiyyəsi;

Bəhrəmtəpə və Qaragüvəndikli bələdiyyələrinin əhatə etdiyi Bəhrəmtəpə qəsəbəsində və Qaragüvəndikli kəndində Bəhrəmtəpə bələdiyyəsi;

Boşçalılar və Sarıxanlı bələdiyyələrinin əhatə etdiyi Vətəgə qəsəbəsində və Boşçalılar, Sarıxanlı kəndlərində Sarıxanlı bələdiyyəsi;

Cəfərli, Əliqulular və Muradxanlı bələdiyyələrinin əhatə etdiyi Cəfərli, Əliqulular, Hacımustafalı və Muradxanlı kəndlərində Cəfərli bələdiyyəsi;

Göbəktala və Yalavac bələdiyyələrinin əhatə etdiyi Göbəktala, Məhəmmədli, Rəsullu, Şahverdili və Yalavac kəndlərində Yalavac bələdiyyəsi;

Xoşçobanlı, Qaraqaşlı və Muradalılı bələdiyyələrinin əhatə etdiyi Xoşçobanlı, Qaraqaşlı, Muradalılı, Murğuzalılı, Mürsəlli, Nurulu və Otuziki kəndlərində Muradalılı bələdiyyəsi;

Qaradonlu və Məzrəli bələdiyyələrinin əhatə etdiyi Çahar, Çaxırlı, Göhərli, Xubyarlı, Qaradonlu və Məzrəli kəndlərində Məzrəli-Qaradonlu bələdiyyəsi;

Qulubəyli və Yuxarı Qaralar bələdiyyələrinin əhatə etdiyi Qulubəyli, Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kəndlərində Yuxarı Qaralar bələdiyyəsi.

 

 

                                                                                                                           


 

Keçidlər