Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri İmişlidə olub

14 iyun 2022 | 16:55

13 iyun 2022-ci il tarixdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi İmişli rayonuna səfər edib. Səfər çərçivəsində yaponiyalı diplomat İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ilə görüşüb, istehsal müəssisəsinə baş çəkib.

Görüş zamanı icra başçısı səfir Vada Cuniçiyə İmişli rayonunun tarixi, sosial-iqtisadi göstəriciləri barədə məlumat verib, son illər Yaponiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsindən söhbət açıb. Diqqətə çatdırılıb ki, 2007-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə rayonun Boşçalılar kəndində 260 şagird yerlik məktəb binasındakı 5 sinif otağının əsaslı təmiri, əlavə 13 sinif otağının inşası, 2008-ci ildə Xəlfəli kəndində Tibb məntəqəsinin, 2014-cü ildə Qaraqaşlı kəndində 16 kub metrlik, 2015-ci ildə isə Qaravəlili kəndində 15 kub metrlik su vurma qabiliyyətinə malik sunasos stansiyalarının tikilib istifadəyə verilməsi iki ölkə arasında olan əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayan səfir Vada Cuniçi İmişli rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib, sosial-iqtisadi sahənin inkişafı istiqamətində rayona uğurlar arzulayıb. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonra Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən “İmişli R-Aqro” LLC-nin fəaliyyəti ilə tanışlıq olub və burada görülən işlərlə bağlı səfirə məlumat verilib.

Görüşün sonunda xatirə şəkili çəkilib və İmişli rayonuna olan səfərindən məmnun qaldığını, rayondan zəngin təəssüratlarla ayrıldığını bildirən səfir Vada Cuniçi qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib.

Keçidlər