Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İmişli rayon təşkilatının 32 illiyinə həsr olunmuş “Uğurlu gələcək, işıqlı sabah” adlı tədbir keçirilib

03 iyul 2025 | 15:28
   İyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının təsis edilməsinin 32 illiyinə həsr olunmuş “Uğurlu gələcək, işıqlı sabah” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiya üzvləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və vəfat etmiş partiya üzvlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, ardınca isə Yeni Azərbaycan Partiyasının yaranmasını və fəaliyyətini əks etdirən “Uğurlu gələcək, işıqlı sabah” adlı videoçarx nümayiş olunub.
   Giriş nitqi ilə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib: “Azərbaycanın qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlıdır”.
   İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev çıxış edərək bütün partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara günü–gündən qüdrətlənən doğma Azərbaycanımızın inkişafı naminə məsuliyyətli, eləcə də şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Digər çıxış edənlər Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alınmasından, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin puç edilməsindən danışıblar.
    Tədbirin yekununda partiyada 25 ildən artıq təcrübəyə malik partiya veteranlarına, eləcə də bir qrup fəal partiya üzvünə "Fəxri Fərman" və qiymətli hədiyyələr təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər