Yalavac kəndində yeni məktəb binası istifadəyə verilib
16 sentyabr 2024 | 17:42
Sentyabrın 16-da regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq əsaslı təmir edilmiş İmişli rayonunun Yalavac kənd İdris Səfərov adına tam orta məktəb binasının açılış tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şagird və müəllimlər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış tədbirində çıxış edənlər yeni tədris ilinin başlanması və məktəb binasının istifadəyə verilməsi münasibətilə şagird və müəllimləri təbrik ediblər. Əlavə olaraq dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən ətraflı danışılıb. Göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edilib. Sonra əsaslı təmir olunmuş məktəb binasında yaradılmış şəraitlə tanış olunub.
Qeyd edək ki, 624 şagird yerlik İmişli rayonunun Yalavac kənd İ.Səfərov adına tam orta məktəbinin binasında şagirdlərin təlim-tədrisi üçün müasir standartlara cavab verən zəruri şərait yaradılıb. Məktəb mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə tam təchiz edilib. İkimərtəbəli binada 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Həmçinin məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
















