Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 | 17:21
Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər İmişli şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad olunması məqsədi ilə ehsan süfrəsi təşkil olunub. Ehsan mərasimi Ulu Öndərin və şəhidlərimizin əziz xatirələrinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələrin oxunması ilə başlayıb. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki əvəzsiz rolundan danışaraq qeyd ediblər ki, Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla hər zaman yad olunur. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə başçısı cənab İlham Əliyevin dövlət xadimi istedadı sayəsində uğurla davam etdirilir.
Allah rəhmət eləsin!