Vətən müharibəsi şəhidləri Cəfər Osman və Elçin İsmayılovun beşinci ildönümləri qeyd olunub
27 noyabr 2025 | 17:35
44 günlük Vətən müharibəsinin igid qəhrəmanlarının hər biri, şanlı tarix yazan şəhidlərimiz əbədi olaraq qəlblərdə özlərinə yer tutub. Onlar hər an xatırlanır və xatırlanmalıdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan olan Osman Cəfər Elsəvər oğlunun və İsmayılov Elçin Mikayıl oğlunun əziz xatirələri şəhidlik zirvəsinə ucalmalarının beşinci ildönümlərində anılıb. Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağı bildirilib. Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Allah rəhmət eləsin!






