Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovun ildönümü qeyd olunub
13 noyabr 2024 | 14:55
Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış şanlı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş oğullarımızdan olan mayor Süleymanov Emin Bəhmən oğlunun bu gün şəhidlik zirvəsinə ucalmasından 4 il ötür. Bu münasibətlə rayonun Xubyarlı kəndində şəhidimizin ildönümü mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim zamanı icra başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbir diləyib. Qeyd olunub ki, illər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla hər zaman qürur duyulacağı bildirilib. Şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.
Allah rəhmət eləsin!