Vətən müharibəsi şəhidi mayor Emin Süleymanovun 6-cı ildönümü qeyd olunub
13 noyabr 2026 | 17:04
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan mayor Emin Bəhmən oğlu Süleymanovun şəhadətinin 6-cı ildönümü qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının məsul işçiləri, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxuyub, ona Allahdan rəhmət, ailəsinə isə səbir diləyiblər. Çıxışlarda qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyünü canı və qanı bahasına qoruyan, torpaqlarımızı işğaldan azad edən qəhrəman oğullarımızla illər keçsə də, daim qürur duyulacaq. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İmişlinin igid övladlarının təkcə doğma el-obasının deyil, bütövlükdə Azərbaycanın fəxri olduğu və hər bir vətəndaşın onlarla qürur duyduğu vurğulanıb.
Şəhid ailəsinin üzvü övladının əziz xatirəsinin daim yad edilməsini və unudulmamasını şəhid ailələrinə göstərilən hörmət, ehtiram və qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Allah rəhmət eləsin!






