Vətən müharibəsi şəhidi Əmrah Səfərlinin beşinci ildönümü qeyd olunub
18 noyabr 2025 | 18:40
Noyabrın 18-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi polkovnik Ruslan İsmayılov, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, RİH-nin məsul işçiləri, şəhidimizin doğmaları və rayonun ictimaiyyət nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Səfərli Əmrah Çingiz oğlunun beşinci ildönümü münasibəti ilə ailəsini ziyarət ediblər. Şəhidimizin ildönümündə əziz xatirəsi böyük ehtiramla yad edilib, ailəsinə səbir dilənib.
Mərasim zamanı iştirakçılar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar. Bildirilib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidimizin ailə üzvləri xüsusi qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






