Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsm sərgisi və ağacəkmə aksiyası baş tutub
Mayın 10-da İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Sektorunun, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman Sektorunun məsul əməkdaşları və məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sərgidə nümayiş olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərginin sonunda məktəblilərlə xatirə şəkilləri çəkdirilib. Daha sonra İmişli rayonunun Şəhidlər Xiyabanı ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.