“Tərəqqi” medalı təqdim olunub
29 dekabr 2024 | 18:42
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında, “Tərəqqi” medalı ilə təltif olunan İmişli Rayon İcra Hakimiyyəti başçısının Ağaməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pənahov Şəmsəddin Səlim oğlunun medalının təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən icra başçısı Elçin Rzayev əvvəlcə ölkə rəhbərinin dövlət qulluqçularına göstərdiyi qayğıdan və dövlət idarəçiliyində həyata keçirilən mühüm tədbirlərdən danışıb, bu sahədə əldə olunan uğurları diqqətə çatdırıb. O, həmçinin, dövlətin inkişafı üçün göstərilən səylərin və həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Daha sonra icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Şəmsəddin Pənahova “Tərəqqi” medalını təqdim edərək onu təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. Şəmsəddin Pənahov öz növbəsində, onun əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlığını bildirib. O, bundan sonra daha yüksək əzm və məsuliyyətlə çalışacağını, etimadı doğruldacağını və Vətənə, millətə sadiq olacağını vurğulayıb.
Sonda icra başçısı tədbir iştirakçılarını “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn yeni il münasibətilə təbrik edib, onlara cansağlığı, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.