Soltanmuradlı kəndində 12.08.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
12 avqust 2025 | 19:01
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulunu avqustun 12-də rayonun Ölcələr, Soltanmuradlı və Yuxarı Qaralar kənd sakinləri ilə keçirib. Soltanmuradlı kənd tam orta məktəbində təşkil olunan görüşdə kənd sakinləri ilə yanaşı rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq bildirib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident cənab İlham Əliyevin ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edir. Vaşinqtonda keçirilən görüşlər və əldə olunan razılaşmalar regionda yeni sülh və inkişaf mərhələsinin başlanğıcını qoyub. Qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərində yeni strateji tərəfdaşlıq səhifəsi açılır və bu əməkdaşlıq gələcək illərdə qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək. İcra başçısı, həmçinin İmişli rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələr barədə danışaraq, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələr barədə sakinlərə ətraflı məlumat verib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Qəbul zamanı onları narahat edən müxtəlif məsələlərə icra başçısı tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli üçün əlaqədar qurum və təşkilat rəhbərlərinə yerində tapşırıqlar verilib.






