Şəhid Ucal Babaşovun ailəsi ziyarət olunub
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Babaşov Ucal Nərbala oğlunun ailəsini evində ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Ziyarətdən öncə şəhidimizin rayonun Xəlfəli kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb və ruhuna dualar oxunub. Ziyarət zamanı çıxış edən icra başçısı bildirib ki, 19 sentyabrda başlanan və 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Vətən Müharibəsi və antiterror tədbirləri zamanı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağını, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!