Şəhid kapitan Əsəd Həsənovun 5-ci ildönümü qeyd olunub
01 oktyabr 2025 | 19:18
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də İmişli rayonunun Şahverdili kəndindən olan kapitan Həsənov Əsəd Fərhad oğludur. Oktyabrın 1-də şəhidimizin 5-ci ildönümü tamam olur və bu münasibətlə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidimizin ildönümü mərasimində iştirak ediblər. Mərasim zamanı şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. İştirakçılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən bəhs edərək, şəhidlik zirvəsinə ucalan İmişlinin igid oğlu Əsədin təkcə İmişlinin deyil, bütün Azərbaycanın övladı olduğunu, onunla hər kəsin qürur duyduğunu bildiriblər.
Allah rəhmət eləsin!






