Şəhid Cavid Dədəkişiyevin əziz xatirəsi anılıb
11 aprel 2025 | 18:28
Aprelin 11-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri aprel döyüşlərində şəhid olan baş leytenant Cavid Gülbaba oğlu Dədəkişiyevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ailə üzvlərinə səbir dilənib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb.
Xatırladaq ki, tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Cavid Dədəkişiyev Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Aprelin 11-i isə doğulduğu İmişli rayonunun Qaralar kəndində son mənzilə yola salınıb.