Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib
Həmrəylik və mərhəmət rəmzi, milli-mənəvi dəyərlərimizin və xeyirxahlıq duyğularının təntənəsi olan müqəddəs Qurban bayramı münasibətilə 25-26 may tarixlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhid ailələrini evlərində ziyarət edib. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla anılıb, şəhidlərimizin ailələrinin qayğıları ilə maraqlanılıb və Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib. Eyni zamanda, qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə də ailələrə səmimi təbriklər çatdırılıb, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.
Şəhid valideynləri ilə səmimi söhbət zamanı azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açılıb. Şəhid ailələri övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.




















