Qulubəyli kəndində vətəndaşlarla səyyar görüş keçirilib
13 sentyabr 2022 | 19:22
Vətəndaş amili, cənab Prezident İlham Əliyevin rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr İmişlidə də birmənalı olaraq icra edilir. Belə ki, RİH başçısı Elçin Rzayevin növbəti səyyar görüşü rayonun Qulubəyli kənd sakinləri ilə keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra icra başçısı çıxış edərək sakinləri salamlamış, prezident cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlarından danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəkləşməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. O, çıxışında ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də İmişli rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərinin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.