Qızılkənd kəndində vətəndaşlarla səyyar görüş keçirilib
22 noyabr 2022 | 19:31
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr İmişli Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Belə ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq bu gün RİH başçısı Elçin Rzayevin növbəti səyyar görüşü Qızılkənd kənd sakinləri ilə keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamamışdan öncə səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. O, həmçinin ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də İmişli rayonunda aparılan abadlıq-quruculuq işləri ilə bağlı ətraflı məlumat verib. Daha sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin və problemlərin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.