Milli Qəhrəman İmanverdi Əliyevin ailəsi ziyarət olunub
16 noyabr 2024 | 16:16
Noyabrın 16-da Milli Qəhrəman Əliyev İmanverdi Barat oğlunun 33-cü ildönümüdür. Bu münasibətlə onun ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Rayon Polis Şöbəsinin həyətində şəhidimizin xatirəsinə ucaldılmış büstünün önünə gül dəstələri düzüblər, igid Vətən oğlunun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra iştirakçılar şəhidin ailəsinə baş çəkərək onların qayğıları ilə maraqlanıblar. Səmimi söhbət zamanı icra başçısı qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə, şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq. Həmçinin bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə bir daha sübut etdi ki, Milli Qəhrəman İmanverdi Əliyev kimi igidlərimiz ölkəmizdə böyük bir qəhrəmanlıq məktəbi yaratmışdır. Məhz bu məktəbin davamçıları olaraq Azərbaycan Ordusunun əsgərləri döyüşlərdə tarixi qələbələr qazanaraq bir daha bütün dünyaya ordumuzun gücünü, qüdrətini hiss etdirdi. Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvlərinin yox, bütün xalqımızın qürur duyduğu, ehtiramla andığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Əliyev İmanverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən biri, eyni zamanda rayonun Qulubəyli kənd tam orta məktəbi Milli Qəhrəmanın adını daşıyır.