Məmmədli və Əlyetməzli kənd sakinləri ilə növbəti görüş keçirilib
25 aprel 2023 | 18:16
Aprelin 25-də əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən növbəti səyyar qəbul-görüş rayonun Məmmədli və Əlyetməzli kənd sakinləri ilə keçirilib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan, əldə edilən yüksək nailiyyətlərdən söz açıb, eləcə də İmişli rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib. Daha sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edib. Sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.