Məmmədli kəndində 23.06.2026-cı il tarixdə səyyar görüş baş tutub
23 iyun 2026 | 19:36
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbul-görüşünü təsdiq edilmiş qrafikə uyğun olaraq iyunun 23-də rayonun Məmmədli və Əlyetməzli kənd sakinləri ilə keçirib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbər işçiləri də iştirak ediblər.
Qəbul zamanı çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə əlaqədar olduğunu qeyd edib. Həmçinin rayon sakinlərinin rahatlığının təmin olunması ilə bağlı görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra qəbulda səmimi söhbət aparılaraq kənd sakinləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilib. Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb.






