Kür çayında suyun qalxması İmişlinin bəzi kəndlərində əkin sahələrinə təsir göstərib
Son zamanlar aramsız yağan yağışlar nəticəsində Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun bir neçə kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub. Belə ki, Əlyetməzli kəndinə aid 35 hektar, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi suların təsirinə məruz qalıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev aidiyyəti idarə və təşkilatların məsul əməkdaşları ilə birlikdə su basmış ərazilərə baxış keçirib, operativ tədbirlər görülüb. Belə ki, su altında qalan nəqliyyat yolunda hərəkətin bərpası məqsədilə əraziyə su boruları yerləşdirilib, suyun axını tənzimlənib və vətəndaşların torpaq sahələrinə təhlükəsiz keçidi təmin olunub.
Hazırda ərazilərdə vəziyyət nəzarət altındadır. Mütəmadi monitorinqlər aparılır, suyun səviyyəsi izlənilir və mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.






