İmişlidə Zərifə Əliyevanın 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
28 aprel 2026 | 12:52
Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Sonra Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi və çoxşaxəli fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik özünəməxsus dəst-xətti olan novator alim kimi böyük iz qoymuşdur. O, elmi-pedaqoji fəaliyyətində yalnız çoxşaxəli tədqiqatlar aparmaqla kifayətlənməmiş, eyni zamanda yüksəkixtisaslı gənc kadrların hazırlanmasına və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirmişdir. Bildirilib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri özündə birləşdirən qayğıkeş ana, peşəkar həkim və dünya şöhrətli alim kimi cəmiyyətdə böyük nüfuz qazanmışdır. Onun zəngin həyat yolu və elmi fəaliyyəti yeni nəsil üçün örnək olmaqla yanaşı, Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında mühüm rol oynamışdır. Çıxış edənlər akademikin oftalmologiya sahəsinin formalaşması və inkişafındakı xidmətlərini xüsusi vurğulamış, onun ömrünün sonuna qədər həm ailəsinə, həm də tələbələrinə yol göstərən, elmin inkişafına töhfə verən əbədi bir mayak kimi yadda qaldığını qeyd ediblər.
Tədbirin sonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrin heç zaman unudulmayacağı vurğulanıb.






