İmişlidə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbirlər keçirilib
28 dekabr 2024 | 16:21
Ötən gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən İmişli rayonunda sağlam həyat tərzinin təbliğinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib. İmişli Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıqla təşkil olunan tədbirlərdə sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyə hər gün vaxt ayırmaq, sağlam qidalanmağa üstünlük vermək tövsiyə edilib.
İmişli RİH başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov tədbiri giriş sözü ilə açaraq, gənc nəslin sağlam inkişafının ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını bildirib, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində paytaxtda və regionlarda müntəzəm olaraq maarifləndirici tədbirlər təşkil edildiyini vurğulayıb. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” internet portalı https://saglamusaq.az/ və mobil tətbiqi barədə iştirakçılara geniş məlumat təqdim olunub. Bildirilib ki, şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulan portalda sağlamlığın qorunması və möhkəmləndirilməsi ilə bağlı faydalı məlumatlar, maarifləndirici çap materialları, videoçarxlar və interaktiv oyunlar toplanılıb. İnteraktiv keçən tədbirlərdə iştirakçılara sağlam həyat tərzi ilə bağlı suallar verilib, hədiyyələr təqdim edilib.
Sonra keçirilən maarifləndirici aksiyada sağlam həyat tərzi geniş təbliğ və təşviq olunub, iştirakçılara sağlamlığa məsuliyyətlə yanaşmağı aşılayan müxtəlif vəsaitlər, suvenirlər, maarifləndirici nəşrlər, “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr kitabı paylanılıb.