Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

03 iyun 2022 | 10:07

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə  İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolu yenidən qurulur. Belə ki, ümumilikdə  5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi bu yollar ümumi uzunluğu 43,5 km olmaqla IV texniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq layihəsi üzrə 6 metr, ümumi eni 10 metr təşkil edəcəkdir. Torpaq əsaslı sözügedən yollar uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar kəndi hissəsindən başlanılıb.

Hazırda bu hissədə torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edilərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra yol yatağının, yol əsasının alt və üst layının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaqdır. Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalılar və Əliyetməzli kəndləri ərazisində isə mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulmuşdur. Eyni zamanda tikinti layihəsi üzrə avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaqdır.

Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edəcəkdir.

Keçidlər