İmişlidə Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
21 noyabr 2025 | 18:32
Noyabrın 21-də İmişli Rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, idarə və müəssisələrin rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində İmişli rayon Şəhidlər xiyabanında ərazinin memarlıq görünüşünə uyğun olaraq 50-dən çox ağac əkilib.
İştirakçılar tərəfindən ərazidə təmizlik və abadlıq işləri aparılıb, əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Aksiyanın təşkili həm şəhidlərin əziz xatirəsinə ehtiramın, həm də rayonun abadlaşdırılması istiqamətində ictimai həmrəyliyin bariz təzahürü kimi qiymətləndirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının zərurətdən yaranmış avanqard siyasi qüvvə kimi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, xalq ümummilli lider Heydər Əliyevə arxalanmaqla və onun ətrafında sıx birləşməklə öz gələcəyinin təminatını yaradıb. Bildirilib ki, bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan dövlətini uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, cari ilin ölkədə “Konstitusiya və Azərbaycanın suverenliyi ili” elan edilməsi tədbirin mahiyyətini daha da gücləndirir, dövlətçilik dəyərlərinə sədaqətin, milli birliyin möhkəmləndirilməsinin və suverenlik ruhunun yaşadılmasının xüsusi əhəmiyyət daşıdığını göstərir.
Yeni Azərbaycan Partiyasının 33 illiyi münasibətilə İmişlidə keçirilən tədbirlər həm tarixi irsə ehtiramın, həm də müasir dövlətçilik düşüncəsinin təcəssümü kimi yüksək qiymətləndirilib.











