İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması mövzusu ilə bağlı dəyirmi masa keçirilib
26 iyul 2024 | 17:05
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq iyulun 25-də rayon ərazisində yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması mövzusunda dəyirmi masa keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan dəyirmi masada İcra Hakimiyyəti ilə yanaşı Gigiyena və Epidemiologiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda İmişli rayonu ərazisində mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası, həmçinin su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində son illər həyata keçirilmiş tədbirlər barədə məlumatlar verilib və bu sahədə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Tədbirdə ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə tullantı və lay sularının göllərə axıdılmasının, eləcə də ətraf ərazilərin bərk məişət və sənaye tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Daha sonra rayon ərazisində yerləşən bir neçə gölün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə baxış keçirilib, həmçinin göllərdən üzərində iş aparılması üçün su nümunələri götürülüb.