İmişlidə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 24.10.2024-cü il tarixində növbəti ağacəkmə aksiyası keçirilib
24 oktyabr 2024 | 21:39
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü il ərzində ölkə ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında yüz minlərlə yeni ağac və kollar əkilib. Bu işlər İmişli rayonunda da mütəmadi olaraq davam etdirilir. Belə ki, oktyabrın 24-də Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun 95-ci km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib.
İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 2000-ə yaxın şam və göyrüş ağacı əkilib, yeni əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib. Aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ekosistemin mühafizəsinə töhfə verməkdir.