İmişlidə yararsız və qadağan olunmuş pestisidlər xüsusi poliqona daşınıb
22 avqust 2025 | 12:33
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət İmişli rayonu ərazisində 450 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, İmişli Rayon Gigiyena və Epidemiologiya mərkəzinin, 3 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Aqrar Xidmətlər Agentliyinin İmişli Rayon Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin məsul işçiləri iştirak ediblər.
Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na yola salınıb. Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, ölkə üzrə istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi prosesi strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvan və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.






