Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaralı hərbçilərimizin ailələri ziyarət edilib

19 sentyabr 2022 | 19:05
  Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan hərbçilər sırasında İmişli hərbçiləri də var.
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçuların ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanılıb. İcra başçısı hospitalda müalicə alan rayonun Xubyarlı kənd sakini mayor Təhməzov Elşad Fəxrəddin oğlunun və Məzrəli kənd sakini, gizir Xəlilov Süleyman Havasət oğlunun səhhəti ilə maraqlanıb. Qeyd edib ki, mənfur düşmənlərimizin törətdikləri təxribatlar nəticəsində respublikamızda gərgin günlər yaşanıb. Düşmən layiq olduğu cavabı alıb, cəzalandırılıb. Lakin şəhidlərimiz, qazilərimiz də var. RİH başçısı şəhidlərimizə Allahdan rəhmət, qazi və yaralılarımıza şəfa diləyərək tezliklə doğmalarının, yaxınlarının yanlarına qayıtmağı arzulayıb.
  Ziyarət zamanı E.Təhməzov və S.Xəlilovun keçdikləri döyüş yolundan danışılıb. Mayor E.Təhməzov ll Vətən Müharibəsi iştirakçısıdır O, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”,“Kəlbəcərin azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə”,“Vətən uğurunda”,“Vətən müharibəsi iştirakçısı”,“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə, həmçinin “Aprel” döyüşlərində iştirakına görə “Şücaətə görə” medalı ilə təltif olunub. Digər hərbiçimiz gizir S.Xəlilov da ll Vətən Müharibəsi iştirakçısıdır. Ölkə başçısının müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
  Hərbçilərimizin ailələri aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
  Qeyd edək ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar və onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.
Keçidlər