Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunan “Əsası Heydər Əliyev ideyası, davamı Zəfər salnaməsi” adlı tədbir keçirilib

20 noyabr 2026 | 19:56
    20 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümü münasibətilə İmişli rayonunda “Əsası Heydər Əliyev ideyası, davamı Zəfər salnaməsi” adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Aran, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini və çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
   Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev partiyanın yaranma zərurətindən, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi irsindən və bu ideyaların Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsindən danışıb. O, partiyanın 34 illik fəaliyyət yolunun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və ölkənin tarixi nailiyyətlərinin əldə olunması ilə sıx bağlı olduğunu vurğulayıb.
   İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərindən, dövlət siyasətinin yerlərdə uğurla reallaşdırılmasından bəhs edib. O, Yeni Azərbaycan Partiyasının dövlətçilik maraqlarının qorunmasında, cəmiyyətlə dövlət arasında etibarlı əlaqələrin möhkəmləndirilməsində və ictimai həmrəyliyin təmin olunmasında mühüm rolunu qeyd edib.
Milli Məclisin deputatı Səyyad Aran çıxışında Azərbaycanın müasir siyasi tarixində YAP-ın yerindən və rolundan, partiyanın milli maraqlara əsaslanan siyasi xəttindən söz açıb. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkəmizin beynəlxalq nüfuzunun artmasına və tarixi Zəfərimizin əldə olunmasına verdiyi töhfələri diqqətə çatdırıb.
   Digər çıxış edənlər – Cəlil Əliyev, Nazim Əzimov, Elşad Uğurliyev və Şahsuvar Əmirahov YAP-ın keçdiyi tarixi yola nəzər salaraq partiyanın ilk illərindən bu günədək qazandığı uğurlardan danışıblar. Onlar, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin qorunmasının və gənc nəslə aşılanmasının vacibliyini vurğulayaraq partiya üzvlərinin bu istiqamətdəki məsuliyyətindən söz açıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
  Tədbir çərçivəsində ekoloji mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə İmişli rayonunda yerləşən N saylı hərbi hissənin ərazisində və İmişli şəhər Olimpiya İdman Kompleksində ağacəkmə aksiyaları təşkil olunub. Aksiyalarda iştirak edənlər ağac tingləri əkərək ətraf mühitin mühafizəsinə və gələcək nəsillər üçün daha sağlam yaşayış mühitinin yaradılmasına töhfə veriblər.
   Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 34 illik tarixi xalqın dövlətçilik iradəsinə, Heydər Əliyev ideyalarına və milli maraqlara sədaqətin tarixidir. Bu gün həmin siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlarla zənginləşir, partiya ölkəmizin ictimai-siyasi həyatında öz aparıcı mövqeyini qoruyub saxlayır.
Keçidlər