İmişlidə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub
26 fevral 2025 | 18:08
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da dərin hüznlə anılıb. Fevralın 26-da Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatları rəhbərlərinin iştirakı ilə rayonun Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Tədbirin rəsmi hissəsi başlamamışdan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Çıxış edənlər Xocalı soyqırımının azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağının işğaldan azad edilən bütün torpaqlarımızda dalğalandığını, Xocalı soyqırımı qurbanlarının qisasının alındığı, xalqımızın Xocalı soyqırımı qurbanlarının xatirəsini artıq 5-ci ildir ki, qalib ölkə, qalib xalq kimi ziyarət etdiyini diqqətə çatdırıblar.