İmişlidə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirilib
25 noyabr 2025 | 19:07
Bu gün İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Xidmətin İmişli şöbəsinin rəisi, polkovnik Ruslan İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər, hərbi hazırlıq fənninin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca iştirakçılara Prezident cənab İlham Əliyevin gənclər siyasətini, milli ruhun və sağlam həyat tərzinin təşviqinə yönəlmiş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən icra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Qeyd edib ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhu, fiziki hazırlığı və intellektual potensialı ilə dövlətçiliyimizin əsas dayaqlarıdır və təhsildə, gündəlik davranışda nümunəvi vətəndaş olmalı, milli kimliyimizi yaşatmalı, dövlətimizin gələcəyinə töhfə verməlidirlər. Gənclərin təhsili, vətənpərvərlik tərbiyəsi və sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət proqramlarının icra olunduğunu diqqətə çatdırıb.
Digər çıxışlarda çağırışçıların ilkin hərbi qeydiyyatının əhəmiyyətinə toxunularaq bildirilib ki, hərbi xidmət gənclərin gələcək sosial və peşəkar inkişafında mühüm rol oynayır. Qeyd edilib ki, 15 yaşı tamam olmuş yeniyetmələrin müvafiq dövlət qurumlarına təqdim edilməsi, qeydiyyata alınması və məlumat bazasının formalaşdırılması gələcək hərbi xidmət prosesinin düzgün planlaşdırılmasına imkan yaradır. Çıxışlarda həmçinin gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığın artırılması, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunun gücləndirilməsi kimi məsələlərə yer verilib.
Tədbir çərçivəsində şagirdlərə hərbi xidmətin mahiyyəti, çağırış prosesinin mərhələləri, ilkin qeydiyyat üçün tələb olunan sənədlər, həmçinin gənclərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçıları məktəblilərin hazırladıqları bədii kompozisiyanı izləyiblər və məktəblilərə, həmçinin məktəb rəhbərlərinə təşəkkürlərini bildirərək onların təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.














