İmişlidə vətəndaşlarla növbəti səyyar görüş keçirilib
Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar görüş zamanı rayonun Məzrəli, Xubyarlı və Çaxırlı kənd sakinlərini qəbul edib. Səyyar qəbul Rəfail Əliyev adına Məzrəli kənd tam orta məktəbinin binasında təşkil olunub və burada hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Elçin Rzayev kənd sakinləri qarşısında çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin üzərindən keçən iki ilə yaxın müddət ərzində ölkədə həyata keçirilən sosial iqtisadi tədbirlərdən söz açıb. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa quruculuq işləri ilə yanaşı, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz günü gündən inkişaf edir, vətəndaşlarımızın sosial rifahı daim diqqətdə saxlanılır. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlərin həlli yolu araşdırılıb. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.