İmişlidə Vətən müharibəsi şəhidləri mayor Nazim Hüseynovun, Tacəddin Abışovun və Eldəniz Hüseynovun xatirələri anılıb
09 oktyabr 2024 | 16:34
Bu gün İkinci Qarabağ müharibəsində öz igidlikləri ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindən olan mayor Hüseynov Nazim Yaqub oğlunun, İmişli şəhərindən olan Abışov Tacəddin Elşən oğlunun və Hüseynov Eldəniz Tahir oğlunun 4-cü ildönümü mərasimləri qeyd olunub. Mərasimlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunulub. Səmimi söhbət zamanı icra başçısı illər ötsə belə Vətən müharibəsində qazandığımız tarixi qələbədə payı olan şəhidlərimizin heç vaxt unudulmayacağı, gələcək nəsillərə örnək olacağı, böyüməkdə olan gəncliyin şəhidlərimizin döyüş yolundan, qəhrəmanlığından nümunə götürəcəyini qeyd edib. Şəhidlərimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!