İmişlidə Vətən müharibəsi şəhidləri Elnur Bayramovun və Əli Quliyevin xatirələri anılıb
28 oktyabr 2023 | 12:59
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə ucalan qəhrəman oğullarımız Bayramov Elnur Şəmsi oğlunun və Quliyev Əli Tədbir oğlunun şəhadətə yüksəlməsindən üç il keçir. Bu münasibətlə şəhidlərimizin ailələrinin yaşadıqları ünvanlarda ildönümü mərasimləri keçirilib. Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyiblər. Sonra şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub və xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Vətənimizin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağı bildirilib. Şəhidlərimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!