İmişlidə Vətən müharibəsi şəhidi Nemət Cavadlının ildönümü qeyd olunub
01 noyabr 2022 | 13:09
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan İmişli şəhər sakini Cavadlı Nemət Cavid oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin ailəsinin yaşadıqları ünvanda ildönümü mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Mərasim zamanı icra başçısı qeyd edib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və illər keçsə də Nemət kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb.
Şəhid ailələrinə göstərilən qayğıya görə razılıqlarını bildirən şəhidimizin ailə üzvləri prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.