İmişlidə Vətən müharibəsi şəhidi Cahid Əsədlinin ildönümü qeyd olunub
Bu gün İmişli rayonunun Sarıxanlı kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Əsədli Cahid Zahit oğlunun ildönümü qeyd edilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilib, ruhuna dualar oxunulub, valideynlərinə dərin hüznlə başsağlığı verilib. Mərasim zamanı icra başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən və döyüş meydanında igidlik göstərən Cahid kimi qəhrəman oğullarımızın sayəsində xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. O, həmçinin qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Cahid kimi vətənpərvər oğullarımıza borcluyuq və xalqın qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cahidin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.