Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib

05 noyabr 2025 | 19:11
   Noyabrın 5-də İmişli rayon “ASAN xidmət” mərkəzində “8 Noyabr – Zəfər Günü” münasibətilə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Cəbrayılov Şamil Əhliman oğlu, həmçinin hər iki müharibədə iştirak etmiş, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə fərqlənərək “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Əliquliyev Nəsimi Vəzir oğlu, eləcə də 2016-cı il döyüşləri, Vətən müharibəsi və Antiterror əməliyyatlarında iştirak etmiş, “Şücaətə görə”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş polkovnik-leytenant Cahangirov Mənsur Vahid oğlu, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı parlaq Qələbənin xalqımızın birliyinin və milli ruhunun təntənəsi olduğunu vurğulayıblar. Görüş zamanı döyüşlərdə iştirak edən qəhrəmanlarımız döyüş xatirələrini bölüşərək, gənclərə Vətənə sədaqət, torpağa bağlılıq və qəhrəmanlıq nümunələri haqqında danışıblar. Onların xatirələri gənclər tərəfindən böyük maraqla dinlənilib. Tədbir iştirakçıları müharibə iştirakçılarına Vətən qarşısında göstərdikləri fədakarlığa, eləcə də gənclərlə apardıqları səmimi və vətənpərvərlik ruhunda söhbətlərə görə dərin minnətdarlıq ifadə ediblər. Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.
Keçidlər