İmişlidə “Vətən mənə oğul desə” adlı ədəbi - bədii gecə keçirilib
24 dekabr 2022 | 09:09
Dekabrın 23-də İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə” adlı ədəbi-bədii gecə keçirilib. Gecədə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP İmişli rayon təşkilatının, Kürdəmir Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə Dövlət himni səsləndirilib, musiqi sədaları altında məktəb şagirdləri Vətən uğrunda həlak olan şəhidlərin şəkilləri ilə səhnəyə daxil olub. Sonra torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətən Müharibəsində həlak olan şəhidlərimizin keçdiyi çətin və şərəfli ömür yolundan bəhs ediblər. Sonra mədəniyyət və incəsənət ustalarının ifalarında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib və Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş videoçarxlar nümayiş olunub.