İmişlidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib
02 iyun 2025 | 10:19
İyunun 1-də İmişli rayonunda, İmişli Rayon İcra Hakimiyyətinin və “Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlam, firavan və uğurlu gələcək arzulayıblar. Qeyd olunub ki, ölkəmizdə uşaqların rifahı, təhsili və inkişafı daim diqqət mərkəzində saxlanılır, onların hüquqları qorunur. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın təhsili, sağlamlığı və əyləncəsinin təmin olunması məqsədilə ilbəil müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin vurğulanıb ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şənlikdə uşaqlar rəngarəng rəqslər, mahnılar, şeirlər və maraqlı səhnəciklərlə çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Tədbir bayram əhval-ruhiyyəsində keçib, uşaqların sevinci, valideynlərin məmnunluğu və hər kəsin xoş təəssüratları ilə yadda qalıb. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.












