İmişlidə uşaq bağçasının əsaslı təmirdən sonra açılış tədbiri keçirilib
02 iyun 2025 | 16:23
İyunun 2-də İmişli rayonu ərazisində təmir olunmuş daha bir təhsil müəssisəsinin – İmişli şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılış tədbiri baş tutub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra bağçanın uşaqları qonaqların qarşısında çıxış edərək vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Tədbir iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanışlıq zamanı bildiriblər ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən İmişli rayonunda müasir uşaq bağçaları tikilir, əsaslı təmir olunur və zəruri avadanlıqla təchiz edilərək körpə fidanların ixtiyarına verilir ki, bu da uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Məlumat verilib ki, yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, musiqi zalı və digər otaqlar var. Həmçinin otaqlar zəruri inventarlarla və mebel dəstləri ilə təchiz edilib.
Bağçanın rəhbərliyi və uşaqların valideynləri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya və bu işdə əməyi keçənlərə minnətdarlıqlarını ifadə ediblər.











