İmişlidə ümumrayon iməcliyi təşkil olunub
11 mart 2023 | 12:18
Martın 10-11-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli şəhərinin prospekt və küçələrində, eləcə də rayonun qəsəbə və kəndlərində ümumrayon iməcliyi təşkil olunub. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər. İməcliklər zamanı təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib. Eyni zamanda küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb.
İməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. Görülən işlərə baxmayaraq yol kənarlarına tullantılar atılır, həmçinin yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.














