İmişlidə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı tədbir keçirilib
06 may 2025 | 18:22
Mayın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi “Tədbirlər Planı”na uyğun olaraq İmişli şəhər 7 saylı tam orta məktəbin akt zalında rayon Təhsil Sektoru ilə birgə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı tədbir keçirilib. Tədbirdə İmişli RİH-nin, rayon Təhsil sektorunun məsul işçiləri, məktəbin müəllim kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar başlamamışdan öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra “Konstitusiya və Suverenlik İli”nin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə danışılıb, iştirakçılara Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq, əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi və bu sənədin hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı kimi əhəmiyyət daşıdığı, ölkənin demokratik inkişaf yolunda əsas dayaqlardan biri olduğu diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində məktəblilərin ifalarında vətənpərvərlik ruhunda şeirlər, mahnılar ifa olunub və rəqs kompozisiyaları nümayiş etdirilib. Tədbirin sonunda fəallığı və bilikləri ilə seçilən bir qrup şagird mükafatlandırılıb.

