İmişlidə “Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş seminar keçirilib
26 sentyabr 2025 | 19:06
Sentyabrın 26-da İmişlidə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən “Ümumdünya Layiqli Əmək Günü” mövzusunda seminar təşkil olunub. Seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Seminarda İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Həmkarlar İttifaqları Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər işçiləri ilə yanaşı, qonşu 11 rayondan Həmkarlar Komitələrinin nümayəndələri və Dövlət Əmək Müfəttişliyi Mil-Muğan regional şöbəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə BMT-nin İnsan Hüquqları Bəyannaməsi və digər mühüm beynəlxalq sənədlərə əsasən, layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd əməkdaşların maarifləndirilməsi, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsidir.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların qaldırdıqları suallar cavablandırılaraq onlara ətraflı izahlar verilib.






