İmişlidə “Tənəzzüldən intibaha” adlı tədbir keçirilib
Ötən gün İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş gününə həsr olunmuş “Tənəzzüldən intibaha” adlı tədbir keçirilib. Bu əlamətdar gün münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad edilib. YAP İmişli rayon təşkilatının iclas zalında keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu öndər və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Qurtuluş gününə həsr olunmuş “Tənəzzüldən intibaha” videoçarxı nümayiş olunub.
Tədbirdə İmişli RİH başçısı Elçin Rzayev çıxış edərək - 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu, ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi, xalqımız öz dədə-baba yurdlarına qovuşdu. Digər çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan bir sıra gəncə partiya biletləri təqdim olunub.