İmişlidə “Tariximizi öyrənək” adı altında Tarix-Diyarşünaslıq Muzeyinə və Şəhidlər xiyabanına ekskursiyalar təşkil olunub
02 noyabr 2022 | 21:53
Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın yaddaşına əbədi həkk olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən artıq 2 il ötür. Xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il 8 noyabrı Zəfər Günü kimi qeyd edəcək.
Respublikamızın hər yerində olduğu kimi, “8 Noyabr – Zəfər Günü” İmişlidə də silsilə tədbirlərlə qeyd olunur. Vətən müharibəsinin ikinci ildönümünün keçirilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq İmişli Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyalar təşkil edilib. "Tariximizi öyrənək" adı altında start götürən ekskursiyanın əsas məqsədi tariximizi öyrənmək, Vətən uğrunda canlarını fəda edən igid qəhrəmanlarımızı tanıtmaqdır.
Bugünkü aksiyanın iştirakçıları İmişli rayon təhsil müəssisələrinin şagirdləri olub. Məktəblilər muzeylə tanış olub, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər. Muzeydə İmişlinin tarixi, dünəni, bu günü barədə ətraflı məlumat verilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuz bildirilib. Şəhidlərimizi yaxından tanımaq üçün bu cür ziyarətlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək ehtiramlarını bildiriblər.