İmişlidə şəhidlərin əziz xaitrəsinə inşa edilmiş fəvvarənin açılış tədbiri keçirilib
19 oktyabr 2022 | 19:13
Bu gün Ədliyyə nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivinin, şəhid ailələrinin, qazilərin, rayon rəhbərliyinin, millət vəkilinin, YAP-ın rayon təşkilatının və ictimaiyyətin iştirakı ilə regional idarənin inzibati binasının önündə “ŞUŞA İLİ” çərçivəsində şəhidlərin əziz xaitrəsinə inşa edilmiş fəvvarənin açılışı ilə bağlı tədbir keçirilmişdir.
Tədbir ilk öncə dövlət himni səsləndirilməklə açıq elan edilib. Sonra şəhid ataları inşa edilmiş fəvvarənin açılması üçün lentin kəsilməsinə dəvət edilib. İstifadəyə verilmiş fəvvarənin ətrafına gül dəstələri düzülüb, idarə rəisi İsgəndər Orucov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Razi Nurullayev və şəhid ataları çıxışları ilə tədbirin önəmini vurğulayıblar. Sonra tədbir inzibati binanın içərisində Ulu Öndərin büstünün və Ədliyyənin şəhidi Ruhin Xəlilovun adına quraşdırılmış stendin önünə gül dəstələri düzülməklə iclas zalında davam edib. Bu hissədə Vətən müharibəsində canlarını qurban verən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər tərəfindən şanlı qələbəmizə gedən yolda həyatlarını fəda edən igidlərimizin heç vaxt unudulmayacağı və gələcək nəsilə şərəfli tariximizi qürurla ötürəcəyimiz vurğulanıb. Daha sonra şəhid ailələrinə və qazilərə xüsusi hazırlanmış xatirə hədiyyələri təqdim edilib.
Sonda bu cür tədbirlərin mütəmadi keçirilməsinin önəmli olduğu, şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına daim diqqət, qayğı ilə yanaşılmasının əhəmiyyəti qeyd edilib.