İmişlidə şəhidin təltif olunduğu “Vətən uğrunda" medalı ailəsinə təqdim edilib
04 may 2026 | 19:29
Bu gün Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Dədəkişiyev Cavid Gülbaba oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu “Vətən uğrunda" medalı təqdim edilib. Təqdimat mərasimində şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, eləcə də Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Təqdimatda çıxış edən RİH başçısı şəhidimizə Allahdan rəhmət diləyərək onun əziz xatirəsini ehtiramla yad edib. O bildirib ki, Cavid kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq. Aprel döyüşlərindən söz açan icra başçısı igid oğullarımızın göstərdiyi şücaətdən bəhs edərək bildirib ki, onların qəhrəmanlığı hərb tariximizə qızıl hərflərlə yazılıb və gələcək nəsillər üçün nümunə olub. Qeyd edib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Digər çıxış edənlər şəhidlərimizin daim yad olunmasını Cavidin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər. Sonra Azərbaycan Ordusunun şəhid baş leytenantı Cavid Dədəkişiyevin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda" medalı atasına təqdim olunub. Şəhidimizin atası Gülbaba kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Xatırladaq ki, şəhidimiz 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız elə həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.






